Məcid Seyidov fitnes mərkəzlərinin nümayəndələri ilə görüşüb

Muxtar Respublika Stadionunda reallaşan görüşdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov muxtar respublika fəaliyyət göstərən fitnes zallarında fəaliyyətin təkmilləşdirilməsi, müvafiq tələb və standartların gözlənilməsi, eləcə də gələcək perspektivlərin müəyyənləşdirilməsi ilə bağlı söhbət aparıb. Nazir müavini qeyd edib ki, əhalinin idmana təşviqi, sağlam həyat tərzi keçirməsi baxımından fitnes mərkəzləri və trenajor zalları önəmli vasitədir. Gənclər və İdman Nazirliyi dövlət idman siyasətinin təmini sahəsindəki fəaliyyətlərindən biri də qanunvericilik tələbləri əsasında bu tip idman zallarının işinə nəzarəti həyata keçirmək, eyni zamanda dəstək göstərməkdir. Xatırladılıb ki, nazirlik muxtar respublikada 11 fitnes zalında monitorinqlər aparıb, tələb və normalar yoxlanılmaqla həmin idman obyektləri üçün "Fəaliyyət" və ya "Məşqçi" sertifikatları təqdim edib və ya sahibkarlara problemlərin aradan qaldırılması üçün tövsiyələr verilib.
Fitnes zallarının görüşdə iştirak edən rəhbərləri və nümayəndələrinə idmanın inkişafına verdikləri töhfəyə görə təşəkkür edən Məcid Seyidov eyni zamanda, onların işinə daha məsuliyyətlə yanaşmalı, xüsusilə də qanunvericilik tələblərinə ciddi riayət etməli olduqlarını diqqətə çatdırıb. Əlavə edib ki, bu yaxın zamanda bodibildinq yarışı təşkil olunacaqdır. Hər bir fitnes zalından həmin turnirə idmançı cəlb etməsi arzuolunandır.
Görüşdə iştirakçıların təklif və fikirləri dinlənilib, məsləhətləşmələr aparılıb.